تبلیغات
آذربایجان،آنا وطن - 21 آذر قیامینا یئنی باخیش
قالب وبلاگ قالب وبلاگ

آذربایجان،آنا وطن
 
qaflansəsi- قافلان سسی به علت تغییر آى پى صحفه اول وبلاگ توسط مخابراط دسترسى حتى با فیلتر شكن ممكن نیست،براى

به وبلاگ من خوش آمدید
 
نوشته شده در تاریخ 1389/10/27 توسط saray

21 Azər qiyamına yeni baxış

Abdulla ƏMİR HAŞİMİ 

 

Səttarxandan və Xiyabanidən yadigar qalan yarımcan Azərbaycan Milli Hərəkatı, 1941-ci ilin avqust ayından İran adlanan yerdən başlayan siyasi vəziyyət, iqtisadi və siyasi, ictimai və mədəni problemlərin Rzaşah diktatorluğu yıxılandan sonra üzə çıxması, azadlıq uğrunda mübarizənin yeni mərhələsinin başlanmasında Azərbaycanda yeni siyasi ab-həvanın meydana gəlməsi və Məhəmmədrzaşah və onun xarici himayədarlarının azadlığa və milli hərəkata qarşı işlətdiyi zorakılıqlar, həmin zorakılıqlara qarşı Azərbaycan xalqının mütəşəkkil formada Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında konkret milli və demokratik şüarlarla mübarizəyə qoşulması və şovinisti və irticai dairələrin əleyhinə qələbə qazanması, 21 Azər qiyamına və milli hökümətin yaranmasına gəldi çıxdı.



Pişəvəriyə və ondan əvvəl həmin yolda çalışan Şeyx Məhəmməd Xiyabaniyə, Səttarxan, Bağırxan və Heydər Əmoğluya töhmət-iftira atıb söyüş verənlərə və 21 Azər qiyamının mahiyyətini təhrif edənlərə yaxşı olar ki, Pişəvərinin öz sözləri ilə cavab verək və 21 Azər qiyamının necə bir milli qiyam olduğunu həmin sitatlarla bir daha xatırladaq. Qızıl səhifədə yazılır: “Bəzi qıssafikirli adamlar xəyal edirlər ki, zor ilə o da çomaq və ho-cəncal ilə bir xalqın dilini, xüsusiyyətini, adab və rüsumunu ortadan aparmaq mümkündür. Bu xam-xəyal ilə olanlar, səy edirlər əşğası vadar və məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana-dilindən başqa bir dil bilməyən kəndçilər üçün fars dilində danışsınlar. Bunlar, təsəvvür edirlər ki, İran xalqlarını aldatmaq üçün yaratdıqları “milli vəhdət” sözü, libasları və dilləri məsnoyi surətdə birləşdirmək vasitəsi ilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin rişəsi, anaların sinəsindən və xalqın adab və rüsumu ocaqlar başından qalxır. Nə qədər analar diridir və ocaqlar yanmaqdadır, bir xalqın dili və adab-rüsumunu əvəz etmək mümkün olan işlərdən deyil.”

“Bu dil bizim iftixarımız, babalarımızdan qəhrəman əcdadımızdan qalma yadigardır. Damarlarında azərbaycanlı qanı axan hər bir kəs, bu dili, öz milli varlığını, milli qürurunu, ən böyük neyməti kimi hifs edir və ona ehtiram bəsləyir”.
“Biz Həsənoğlulardan, Nəsimilərdən, Fizülilərdən, Şah İsmayıl Xətayilərdən və nəhayət Səttarxan və Şeyx Məhəmməd Xiyabanidən yadigar qalan əziz dilimizi var qüvvəmizlə müdafiə edəcək və onun tərəqqisinə çalışacağıq”.
“Hər bir ölkədə yaşayan əhali arasında paltar, papaq, ləhcə, memarlıq, adab, adət fərqləri vardır. Habelə ab və həva, istilik-soyuqluq, ucalıq-alçaqlıq, məhsulat-məkulat, bitki-meyvəcat, susuzluq və ya bol sulu olmaq kimi fərqlər də görmək olar. Coğrafi cəhətə məxsus olan bu övza-əhval və təbii fərqləri nəzərdə alıb onlara diqqət yetirsək görərik ki, bu yerlərdə yaşayan əhalinin həyat tərkibində fərqlərin mənbəyi həmin təbii fərqlərdən başlanır və elə həmin adab, libas, papaq və məskən fərqlərini meydana gətirən elə bu təbii ehtiyaclardır. Siz də gözləməyin ki Bəndərabbasda yaşayan əhali, kürk, dəri börk və astarlıq və isti paltar geysin.”

Pişəvəri yazır: “Azərbaycan adı təzə ad deyil. Azərbaycanlıların fars olmamaları da tarixdə isbat edilmiş bir hadisədir. Azərbaycan xalqı isə neçə min illik istila və əsarətə baxmayaraq, hərgiz özünün xüsusiyyətini əldən verməyib, İran imperatorluğu, ərəblərin böyük və müqtədir xəlifələrinin qəddar təsəllütü vaxtında belə tufanlı dəryalar arasında baş qaldıran sınmaz və sındırılmaz qala kimi möhkəm dayanıb, onun poladdan daha bərk sinəsi hər tərəfdən üzərinə hücum edən dəhşətli ləpələri sındırıb dağıtmış, və zəmanəmizədək öz mövcudiyyətini saxlamağa müvəffəq olmuşdur.”

“Azərbaycan xalqı, Mərkəzin çürümüş və kəsif ricalının siyasəti sayəsində özünün istedad, qabiliyyət və zəkasına baxmayaraq, hər qisim azadlıq və ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz anadilində təhsil etmək imkanları olmamışdır. Onun ziyalıları xalqın fərhəng, behdaşt və sair ehtiyacatını rəf etmək üçün heç bir haqq və ixtiyara malik deyillər. Onlar, öz ana yurdlarında və özlərinin qızıl torpaqlarında fağır və beçaralıq halında, yabancılar və əsirlər kimi yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an tohin və təhqir etməkdədirlər. Rzaxanın şum siyasətinin məəmməli və Mərkəzi Dövlətin rəsmi nümayəndəsi, bəlkə Azərbaycan xalqı düşmənlərinin nümunəsi olan Abdulla Mustofinin vəhnavər və təhqiredici sözləri, bayquş səsi kimi hənuz Azərbaycan xalqının qulaqlarında təninəndazdır. Bir müəyyən iddədən başqa, Azərbaycan xalqı özlərinin adına, şöhrətinə, milliyyətinə, şədid bir surətdə əlaqəmənddirlər. Bunlar həmişə səy etmişlər ki, Azərbaycanın azadlığı və bununla bərabər bütün İranın azadlıq və səadəti uğrunda ciddən canfəşanlıq etsinlər. Biz, mətləbin uzatmasını nəzərə tutaraq Azərbaycanın müşəşə tarixindən bəhs etmirik ... Bundan sonra meydana çıxan bütün qiyamlar və azadixahlıq hərəkətləri də şərh verə bilməyəcəyik. Biz deyirik: Azərbaycan torpağında 4 milyonluq bir xalq yaşayır ki, onlar özlərinin qomiyyətlərini təşxis vermişlər, özlərinə məxsus dilləri və ayrı bir adab və rüsumları vardır ... Bu xalq deyir ki: Öz evimizi, öz meyl və iradəmizlə idarə edək və milli və məhəlli ehtiyaclarımızı öz gücümüzlə rəf edək. Azərbaycan deyir ki, Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı təşxis verib, çarə etməkdən acizdir. Bizim fərhəngimizin tərəqqisindən cilogirlik edir. Bizim anadilimizi təhqir edib, başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir ... “

Yuxarıdakı sitatlar göstərir ki, milli hökümətin əsaslarını qoyanlar nə qədər Azərbaycanın milli məsələlərilə dərindən və köklü surətdə tanış imişlər. Və bu sətirlər sanki, bugün yazılıbdır və Azərbaycanın müxtəlif təbəqə və zümrələrinin Azərbaycanın milli mənafeyinin köklərindən söhbət açır. Elə ona görə də 21 Azər qiyamının əsas mahiyyətini təşkil edən qüvvələr, fəhlələr, kəndlilər, sənətkarlar, mütərəqqi və vətənpərvər rövşənfikrlər və kəsəbələrin bir çoxu idi. Həmçinin qiyamda, Azərbaycanın milli sərmayedarları və kiçik və orta mülkədarları öz mənafeilərini görərək, qiyamdan himayət edirdilər. Bu qüvvələr, Azərbaycanın özü-özünü idarə etməyi üçün, səltənətə, böyük feodallara və böyük sərmayedarlara qarşı və Əsas Qanunu ayaq altına qoyan dövlət məmurlarına qarşı döyüşürdülər. Və həmin mübarizənin qələbəsi, Azərbaycan xalqının etdiyi fədakarlıq nəticəsində əldə edildi və milli hökümətdən tərəfdarlıq olundu. Və bu hökümət isə həmin xalqın mənafeyinə uyğun olaraq, fars sisteminə qulluq edən irticai və şovinisti dövlət dəstgahının quruluşuna qarşı mübarizə aparıb, və düzgün və milli qayda-qanun yaradıb, azərbaycanlılara azadlıq gətirdi, Azərbaycan xalqı öz taleyini əlinə almaq imkanını tapdı və beləliklə bu qələbə ilə Azərbaycan şərq dünyasında baş verən azadlıq hərəkatı üçün dayaq nöqtəsinə çevrildi. Bir tərəfdən əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün qızılbaş ordusu yaratdı, digər tərəfdən isə Mərkəzi Dövlətlə dinc müzakirələr aparılmasına razılıq verdi.

Azərbaycanda hərəkatın keçmişi və yenidən onun dirçəlməsinin səbəbləri, onun yeni istiqamət alması və rəhbərliyinin formalaşması barədə bir neçə məqamları xatırlatmaq olar.
Qiyamın kökü və tarixi şəraiti Azərbaycan xalqının azadlıq, tərəqqi və istiqlal və öz mədəniyyətini yaratması uğrunda uzun illər apardığı daxili və xarici zülmkarlara qarşı mübarizəsi idi. 1905-1911-ci illər ərzində xalqımızın istibdad əleyhinə qəhrəmanlıqla apardığı mübarizəsinin yarımçıq qalması 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi demokratik hərəkatın boğulması və müstəmləkəçiliyin feodal sisteminin daha artıq təzyiqləri və Rzaşahın şovinisti və diktatorluğunun dövründə və o yıxıldıqdan sonra azərbaycanlıların dilinə, vətəninə və millətinə edilən təhqir və təcavüz və zorakılığa qarşı mübarizənin genişlənməsi xalqımızı Məhəmmədrza şah və onun himayədarları olan istemarçı dövlətlərə qarşı qiyam etməyə gətirib çıxartmışdır.

Qiyamın yaranma səbəblərindən digər amil isə o dövrün mütərəqqi qüvvələrinin japon və alman faşizminə qarşı qələbəsi xalqımızın milli istiqlaliyyətə və azadlığa rəğbətini yüksəltmiş və dünyada geniş mübarizələrin milli istiqlala çatmaq üçün müstəmləkəçiliyə qarşı mütərəqqi qüvvələrlə yaxınlaşmaq və yaranan əlverişli şəraitdən istifadə etmək və törənən azad fəzadan faydalanma istəyi idi.

Qiyamın üçüncü zəmini isə, mövcud şəraitə uyğun olaraq xalqımız tərəfindən yeni bir siyasi təşkilat yəni Firqənin meydana çıxması, xalqımızın qiyamının mütəşəkkil formasında rəhbərliyinin təmin edilməsini də xatırlatmaq olar.

Qiyamın dördüncü səbəbi isə 1324-cü ilin ortalarında Məhəmmədrzaşahın açıq siyasi fəzanı aradan qaldırmaq üçün demokratik qüvvələrə qarşı hücuma keçməyə başlamasıdır. Onun hücumu bir sıra fəhlə və kənd zəhmətkeşlərinə və onları təmsil edən təşkilatların əleyhinə yönəlirdi. Şovinisti təbliğat get-gedə güclənirdi. Azadlıq tərəfdarları olan partiyalar və Azərbaycançı qüvvələr, sinfi və mədəni klublar Tehranda, Təbrizdə, Gilanda və İsfahanda dağıdılırdı və həmin klubların üzvlərinin bir çoxu həbsə alınırdı. Orduda olan azadlıqsevər ofiserlərdən bir iddəsi də həbs edilirdi. Mütərəqqi qəzetlər bağlanılırdı. Şah tərəfdarları məclisin 15-ci çağırış seçkilərini öz vaxtında aparmaqdan imtina edirdilər və nəhayət bu zamanda mütərəqqi və vətənpərvər qüvvələr iki yolun ayrıcında dayanırdılar. Biri yenidən diktatorluğa təslim olmaq, ikincisi isə onun qarşısında ciddi müqavimət göstərmək. Pişəvəri və onun silahdaşları, ikinci yolu seçdilər.

Demokratlar, Azərbaycanda Məşrutədən qalan milli məsələ üzrə Əyalət və Vilayət əncümənlərinin seçkilərinin başlanmasını tələb etdilər. Elə həmin tələb əsasında Firqənin təşkilatı sürətlə genişləndi və Azərbaycan əhalisinin diqqətini cəlb etdi. Azərbaycan Demokrat Firqəsinin göstərişləri əsasında kəndlərdə jandarmların hücumunun qarşısını almaq üçün fədayi dəstələri yarandı və bununla jandarmlar tərk-i-silah olunmağa başlandı. Bu zamanda Mərkəzi Hökümət və səltənət kəndlilərin və demokratların tələblərinin qarşısında etinasız yanaşmaqla bərabər daha həbs, zindan, qətl və cinayətləri çoxaltdı. Buna qarşı Azərbaycan xalqı təşkil etdiyi qurultayında özünü Müəssislər Məclisi elan etdi və Azərbaycanın Milli Məclisinin çağırılması qərarına gəldi. Sonra demokratik seçkilər keçirtdi və 21 azər 1324-də Azərbaycan Milli Məclisini açdı. Həmin məclis, Milli Höküməti təşkil edib, onun baş nazirliyini Mir Cəfər Pişəvəriyə tapşırdı. Və Milli Hökümət isə Təbrizdə Mərkəzi Hökümətin ordu bazalarını ələ keçirtdi və Mərkəzi Hökümətin Azərbaycanda hökmranlığına son qoydu.

1905-dən başlanmış Azərbaycan xalqında oyanış və mübarizə, 40 ildən sonra öz axarını tapmasına başladı. Daxili şəraitdə formalaşan qələbə imkanları özünü Azərbaycan əhalisinin mübarizəsinə könüllü qoşulmada və təşəbbüslü ziddi-inqilabi qüvvələrə qarşı çıxışında özünü göstərdi.

Azərbaycan Milli Höküməti ölkədə milli və demokratik zümrələrə dayanaraq, Mərkəzi Hökümətə qarşı və onun bütün dövlət dəstgahının quruluşuna qarşı xalqın milli və sinfi mənafeyinə uyğun olan prinsipal mübarizə apardı və qayda-qanun cəhətindən dərin dəyişikliklər vücuda gətirdi. Ölkədə tam demokratiyanı hakim etdi. Azərbaycan xalqının iradəsini göstərən qurumları və xalqımızın hüquqlarının təmin edilməsi barədə qələbə çaldıqdan sonra inqilabi işlər gördü və Azərbaycan Milli Hökümətinin dayaqlarının möhkəmləndirilməsinə səy göstərdi.

Qiyamdan sonra görülən işlər, tarixdə qalan işlər idi. Milli Hökümətin yaranması, Milli Məclisin yaranması və onun qəbul etdiyi qərarlar eləcə də qərarların sürətlə həyata keçməsi, iqtisadda, mədəniyyətdə misli görünməyən tarixi işlər, Azərbaycan ölkəsinin və Azərbaycan xalqının yeniləşməsi, irtica ilə mübarizə, Milli Hökümətin rəsmiyyətə tanınması üçün görülən beynəlxalq səylər və qonşularla yaradılan əlaqələr, onun Azərbaycandan kənar təsiratı və s qiyamın parlaq səhifələridir.

Görülən işlər xalqımızın 100 illərlə arzularında olan idealların həyata keçirilməsidir ki, onlar üçün mübarizə aparılmışdır.

Milli Hökümətimiz vətənə və xalqımızın xeyrinə mühüm xidmətlər etdi. Fəhlə və qulluqçular üçün təqaüd hüququ təmin edildi. Çox sənaye müssisələrini işə saldı və yaxud yenilərini təsis etdi. Xarici malların Azərbaycana gətirilməsi üzərində daxili sənayenin xeyrinə nəzarət qoydu. Geniş ticarət şəbəkəsi yaratdı. Ədalətli əmək haqqı maaş verməklə bimə hüququ, müəssisələrdə gündəlik işsaatı, illik məzuniyyəti, hamilə qadınlar üçün maaş ödəməklə üç aylıq məzuniyyət təmin etdi. Mütərəqqi iş və ictimai sığorta qanunu təsdiq edildi və xüsusi müəssisələrdə tolid üzərində fəhlələrin nəzarəti təmin edildi. Qeyri-müstəqim vergilərin miqdarı, zəhmətkeş xalqın mənafeyinə azaldıldı. Böyük sərmayedarlardan və böyük mülkədarlardan vergilər alındı, ehtikarla mübarizə aparıldı və ən mühüm işlərdən biri, Azərbaycan Bankı təsis edildi. Azərbaycan Milli Höküməti, mütərəqqi şəkildə torpaq islahatı apardı. Burada istemarçıların və fars şovinizminə və Mərkəzi istibdad və dərbar dairələrinə bağlı olanlara və qiyama xəyanət edən ərbabların torpaqları müsadirə edildi və kəndlilərin ixtiyarına qoyuldu. Həmçinin dövlətin əlində olan bir sıra xalis torpaqlar da əkinçilərin iştirakı ilə bir milyondan artıq ailəyə və yoxsul kəndçilər arasında pulsuz bölüşdürüldü. Və kənddə yaşayan yersiz və xoşnişin adamların iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra mühüm islahatlar həyata keçirildi. Azərbaycanın Milli Höküməti, Fəlahət Bankı və suvarma və əkinçilik şirkətini heyvandarların və kəndçilərin xüsusən əşayirlər arasında ədalətsizliyi aradan qaldırmaq üçün təsis edildi. Azərbaycanın Milli Höküməti səhiyyə barədə də çox ciddi işlər gördü. Xəstəxanalar yaradıldı, pulsuz uşaq evləri tikildi, Azərbaycan türkcəsində məktəblər açıldı, uşaq baxçaları və qocalar evi işə başladı, bərq şəbəkəsi və su kəməri çəkildi, abadlıq üçün küçələrə asfalt salındı, ali təhsil ocaqlarında milli kadrların yetişdirilməsinə başlandı, tiryək çəkməyə qadağa qoyuldu, pozqunluq və fəhşa əleyhinə ciddi mübarizə aparıldı. Azərbaycan Milli Hökümətinin az yaşamasına baxmayaraq, Azərbaycan mədəniyyətində gördüyü işlər, apardığı tərəqqi çox ciddi addımlar idi. Azərbaycan türkcəsi rəsmi dövlət və maarif dili elan oldu. Mədrəsələr şəbəkəsi inkişaf edildi. Azərbaycan şair və ədiblər cəmiyyəti, incəsənət idarəsi, dövlət teatrı, Azərbaycan Milli orkestr və filarmoniyası, Azərbaycan çapxanası, maarif çayxanası təşkil olundu. Azərbaycanda 50-dən artıq qəzet və məcəllə çap edildi – o cümlədən “Azərbaycan”, “Azad millət”, “Azər”, “Urumuyyə”, “Cövdət”, “Qələbə” kimi çoxtirajlı qəzetlər. Təbriz radiosu təsis edildi. Təbriz darülfununu açıldı. Və bir çox kitabxana və qəraətxanalar təsis edildi. Milli Hökümətin Azərbaycan üçün bir ildə gördüyü işləri, 50 illik Pəhləvilər rejimi və 30 il isə İran İslam Cumhurisi, Azərbaycana görə bilməyiblər. O dövrdə Milli Hökümətin gördüyü işlər bütün Azərbaycan üçün stratejiki işlərdən ibarət idi. Hansı ki, Pəhləvi və islami rejimlərində həmin işlərə qadağa qoyuldu, əksinə, vətənimizin işqalına və xalqımızın köləliyi barədə işlərin həcmi nücumi hesabla belə göstərmək mümkün deyil.

Milli Hökumət dünya dövlətləri və beynəlxalq təskilatlarla işbirliyi qurmağa ciddi səy göstərdi, Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün rəsmi müraciət etdi. Ölkənin milli pulunu dövriyəyə buraxdı. Milli Hökümətin misilsiz xidmətlərindən biri, fars şovinizminin müstəmləkəsi və əsarəti altında olan xalqımıza verdiyi azadlıq idi. Dövlət rəmzlərini – milli himn, milli bayraq, milli gerb yaratdı və milli qoşun, milli təhsil sistemi yaradılması tariximizdə unudulmaz hadisələrdir.

Milli Hökümət eyni zamanda Azərbaycan torpağında yaşayan etnik qrupların milli mədəniyyətinin inkişafına və onların ana dillərində təhsil almalarına şərait yaratdı. Ermənilərin, asorilərin, zərdüştlərin və hətta kürdlərin etnik hüquqlarını və Azərbaycan ərazisində kürdlərin xod-muxtarlığını rəsmiyyətə tanıdı.

Burada, məğlubiyyətin səbəbləri, xəyanətlər, təcrübəsizliklər, görülməyən işlər, hazırsızlıqlar, ictimai-iqtisadi şəraitində olan nöqsanlar, məzhəbin və irticai ruhaniyyətin rolu, Azərbaycan irticaçılarının rolu, Şah və xarici istemarçı qüvvələr ilə fars şovinisti dairələrin, faşisti partiya və şəxslərin rolu, məğlubiyyətin zərərlərini azaldıb qarşısı alına bilinərdimi, məğlubiyyətdə həlledici və qeyri-həlledici amillər, təsirat və itgilər barədə bir neçə söz demək olar.

Dünya miqyasında qüvvələr arasında yeni yaranan şərait bizə qarşı oldu. Soyuq müharibə Güney Azərbaycandan başladı.

Sovet ordusu 1946-cı ilin may ayının 9-da İranı tərk etdi. Azərbaycan Milli Höküməti ilə Qəvamüssəltənə arasında müzakirə başladı. Müzakirələrdə Milli Hökümət ilkin mövqeylərindən geri oturdu. Milli Hökümət, Azərbaycanda ustandarlıqla və Azərbaycanın Milli Məclisi isə Əyalət-Əncüməni ilə dəyişdirildi. Qərar alındı ki, fədayilər ölkənin qoruyucu qüvvələri adında işlərini davam etsinlər, o cümlədən Jandarmeri də həmin adda. Dr Cavid, Əyalət-Əncüməninin vasitəsi ilə Mərkəzi Hökümətə Azərbaycan ustandarı kimi təklif olundu. Bu geri oturmalarda Zəncan, Mərkəzi Hökümətə təhvil verildi. Qərar alındı ki, Tikab və Sərdəşt Azərbaycanın ixtiyarına verilsin –ki, verilmədi. Həmin “razılaşma” əsasında 15-ci parlament seçkilərində Azərbaycanda nəzarət üçün mərkəzi dövlətin nizam-intizam qüvvələrinin “nəzarəti” ortaya atıldı. Bu təklifi qəbul etmək, yəni mərkəzdən nizam-intizam qüvvələrinin gətirilməsi və onlara qarşı Azərbaycanda müqavimət göstərilməmə fərmanı, hərəkatın tam geri oturmasına gətirib çıxartdı. Bu gerioturma, silahı yerə qoymaqla həyata keçirildi. Azərbaycan xalqı tank və topsuz, təyyarəsiz, məmuli tüfəng və müsəlsəl ilə düşmənə qalib gəlmişdi və öz ayağı üstündə dayanmışdı və öz milli hakimiyyətindən siyasi şərəf-heysiyyətindən və insani haqlarından müdafiə edirdi. Lakin müxtəlif dairələri əhatə edən irtica manevr etməklə Azərbaycanın milli qüvvələrini avara formada və çaş-baş salma halına gətirib çıxartdı. Və beləliklə, çox sürətlə hadisələr irticanın xeyrinə dəyişildi və hərəkat məğlub oldu. Azərbaycan düşmənləri bir tərəfdən şəmşir ilə digər tərəfdən isə hiylə və riyakarlıq işlətdilər. Mərkəzi Hökümət, bir tərəfdən Azərbaycanın əşirələrini silahlandırırdı və hərbi hücumları cəbhələrdə gücləndirirdi, digər tərəfdən isə müzakirə və müsalimət yolunu bir taktika kimi təklif və irəli sürürdü.

Azərbaycan düşmənlərinin başında dərbar və Pəhləvi səltənəti dayanırdı. Səltənət daxili və xarici düşmənlərin fəaliyyət mərkəzi idi. Rzaxanı İngiltərəlilər səltənətə çatdırdılar. Ona görə ki, İran adlanan yerdə onların mənafeyini qoruyub saxlasın. 1232-ci ildə (1953-cü ildə), Amerikanın CİA-i vasitəsi ilə səltənətə qayıdan Məhəmmədrzaşah isə, atasının apardığı həmin vəzifəni can-başla davam etdi. Bir sözlə desək, Amerikanın oyuncağı olaraq, xarici istemarçıların himayəsi ilə səltənət edirdi və elə onların himayəsi olmadan 21 Azər qiyamını məğlub edə bilməzdi və Azərbaycan xalqını dar ağaclarına, həbsxanalar, zindanlar və sürgünə məruz qoya bilməzdi. 21 Azər qiyamı, ondan irəli gələn elə bir gücə nail olmuşdu ki, Mərkəzi Hökümət onu rəsmiyyətə tanıyaraq onunla müqavilə bağlamışdı. Şah, xarici qüvvələrə arxalanaraq həmin müqaviləni nə tənha imzalamaqdan imtina etdi, əksinə hücum edib Azərbaycan xalqını və yeni yaranmış Azərbaycan islahat və demokratiyanı qanda boğdu. Və Azərbaycandan başqa digər məntəqələrdə ki, Rzaşah qaçandan sonra açıq fəza fəaliyyət üçün yaranmışdı, aradan qaldırdı.

Məzhəbi ruhaniyyətin yuxarı qişri, Firqəçilərin və 21 Azər qiyamının tərəfdarlarına qarşı qətələ fitvası verməklə onların qanları halal, malları mübah, qadın-qızlarının haram olduqlarını hökm etdilər. Onlar, müxtəlif qəzetlərdə o cümlədən Baxtər, Atəş, Fərman, İstəxr, Keyhan və Ettelaat qəzetlərində Azərbaycanın əleyhinə çıxış etdilər. Bunlardan bir sırasının adını saymaq yersiz olmaz: Mirseyyid Məhəmməd Behbahani, hacı Mirza Abdulla Tehrani, ayətullazadə Mazəndarani, şeyx Məhəmmədəli Ləvasani, hacı Seyidməhəmmədhüseyn Ləvəsani, Ələmülhüda Şirazi, hacı Əhməd Kirmanşahi, Hacı şeyx Məhəmməd Nəhavəndi, mirza Musa İmamməcdibəzzarha, hacışeyx Əraqi Bəyat, hacı seyyid heybətulla imam əhvazi, zəhirülislam Toliəte mədrəseye sipəhsalar, Şeyx Hidayətulla məliki,, şeyx bağır rəsuli, seyyid məhəmməd həsən əngəci, hacı seyid məhəmmədbağır tehrani, mirza mustafa ləvəsani, seyyid məhəmmədrza zəncani, ayətullazadə şirazi, şeyxəli müdərris, ayətullazadə isfanahi, şeyx bəhaəddine nurie nəvəbi, şeyx cavab şəriətmədar, şeyx əli ağasulqani, hacı seyyid nəsrullar şüştəri, şeyx əhməd nəcəfi, ibn şeyx tehrani, seyyid əliəsgər cəzairi, hacıseyyid əbülqasım amli, hacı şeyx mehdi nəcmabadi, seyyid ələsgər xoyi, mirza əbdülhuseyn şirazi, hacağa həsən nəcmmabadi, seyyid sədrəddin müsəvi, seyyid məhəmməd əli əngəci, Seyyid sədrəddin musavədi, seyyidəhməd ləvasani, seyyid cəlaləddin böyük.

Burada isə, məğlubiyyətin konsekvensləri, hərəkatın davamının enişli və yoqquşlu yolları barədə danışmağımız lazımdır.
Şah, Milli Höküməti aradan qaldırdıqdan sonra səltənətinin sonuncu ilinədək 21 Azər gününü üzdən-iraq “Azərbaycanın nicatı günü” adlandırıb, ordudan san görüb, Azərbaycan küçələrinə ordu, tank-top, əsgərlərlə rejə keçməklə Azərbaycanda yaratdığı dəhşəti bir neçə qat şiddətləndirirdi. Mərkəzi hökümət dərbar və onun himayətçisi olan xarici istemarçı qüvvələr, birlikdə milli höküməti qanda boğdular. Onlar, Fərdustun yazdığına əsasən, 50 min nəfər azərbaycanlıları öldürdülər, 100 minlərləni sürgünə göndərdilər. 21 Azər nehzəti məğlub edildikdən sonra, bir sıra sadiq qüvvələr azərbaycanlılara, fədayilərə, Azərbaycan Demokrat Firqəsinin üzvlərinə yardım etdilər ki, Məhəmmədrzaşah ordusunun və qaraquruhçuların vəhşi qisaslarından xilas edilsinlər. Eyni zamanda Azərbaycanda baş verən demokratik hərəkatı dünyaya tanıtdırmaqda, onların hüquqlarını qorumaqda, Azərbaycan Milli Hökümətinin həyata keçirdiyi tədbirləri təbliğ edib və müdafiə etmək işində mühüm yardım göstərdilər. Və bir çox sadiq insanlar 21 Azər qiyamından şücaətlə difa etməklə bu hərəkatın qan dəryasında boğulduqdan sonra həmin hərəkatı inadla müdafiə etdilər.

Ancaq Şah və onun ətrafındakılar, radio, qəzet və televiziyalar, Azərbaycanın Milli Hökümətinin şəxsiyyətlərinə ağızdolu böhtan, iftira, töhmət yağdırırdı. Məğlubiyyətdən əvvəl Rzaşah səltənəti tərk edəndən sonra mütəvəssid sərmayedarlar xalqımızın kənarında dayandılar – o cümlədən Azərbaycanda milli hərəkatdan himayət etdilər. Lakin, irtica qalib gəldikdə mövqeyyətlərini əldən verməsinlər deyə şovinisti dairələrə və Mərkəzi Hökümətə yaxınlaşıb, onlarla bərabər Azərbaycanın milli hərəkatına iftira yaydılar. Hizb-e İran, hizb-e Cəngəl, hizb-e Sosialist, həmin qişrləri təmsil edirdilər. Və firqəçiləri pisləməyə, ittihamlamağa, iftira deməyə, Şahı və onun quldur dəstələrini tərifləməyə başladılar. Şahın ətrafında olan bir sıra satqınlar da – Abbas Məsudilər, hacı Əbülqasım Cavanlar, Deyhimlər, Sərləşkər Ərfəələr, “Keyhan”, “İttilaat”, “Xandəniha” kimi qəzetlər Şahın sözlərini artıq çeynəyərək, 5-ni də artırıb minlər batman kağızı hərəkatımız haqqında qaralayırdılar. Hətta Cəlal al-Əhmədlər, Xəlil Məlikilər, Ələvilər, Rza İnayətlər, Müzəffər Bəqayilər, Ənvər Xameyilər kimi adlarını rövşənfikr və ziyalı qoyanlar da Milli Hökümətimiz və Firqəmiz haqqında Şahın qaraquruhçularına qoşularaq, Azərbaycanın tarixində adlarını öz qanları ilə qızıl xəttlərlə yazan Pişəvəri, Qulam Yəhya, Kəbiri, Əzimi, İbrahimi, Quli Suphi, Azad Vətən, Mirəyyub Şəkiba, Cavidan, Xəlil Azərabadiqan, Həbibullahi, İsmayıl Zəbihi, Şeyx Polad, Mirza Məhəmmədəli İrşadi, Şeyx Məhəmməd Ali-İshaq zənvani, Şahmar, Sarı İsmayıl, Agəhi, Cövdət, Qasemi, Əsədullahi-ye Mürtəzəvi, Kuphal, Səriyyə Xanım və minlərcə adlı və adsız Azərbaycan qəhrəmanlarına töhmətcil sözlər yazırdılar. Bu şivə və metod bizim 29 Bəhmən qiyamının məhsulu olan İran İslam Cumhurisinin məsulları da 21 Azər hərəkatına qara yaxmaqda keçmiş sələflərinin yolunu davam edərək həmin iftiraları təkrarlayırlar. İran adlanan yerdə yayılan yüzlərcə qəzet və jurnal və kitabların möhtəvaları, belə bir əraciflə doludur. Bir sıra adlarını inqilabçı və demokratiya tərəfdarları qoyan partiya mənsubları o cümlədən Nehzət-e Azadi, Müsəlmanan-e Mübariz, Peykar, Mücahedin-e Xəlq, Hezb-e Demokratik-e Mardom-e İran kimi təşkilatlar da paniranistlər kimi 21 Azər qiyamı barədə töhmət mövqeyində Şah və Cumhuri İslamidən seçilmirlər. Rahe Kargər və Fədayian-e Xəlq isə həqiqətdən qaçmaq üçün bu şanlı hərəkatla sükutla yanaşmışlar. 21 Azər Qiyamına, Milli Hökümətə hücum və töhmət-iftiradan məqsəd, o yolda görülən işlərin aradan aparılması, o yolun yolçularının öz yollarından döndərilməsi və o yol üçün yaranan təşkilatlar və orqanlar və şəxsiyyətləri məhv edib, bir sözlə desək Azərbaycan və onun xalqının inkişafına, sərbəstliyinə, abadlaşmasına çalışanları aradan aparıb və Azərbaycanı farslaşdırmaq və xalqını kölələşdirmək, sirvətini qarət etməkdən ibarətdir.

Məğlubiyyətdən sonra edilən fəaliyyətlər, Mərkəzi Hökümətə qarşı etirazlar, nicat və qurtuluş cəmiyyətlərinin yaranması, Firqənin daxildə və xaricdə yenidən bərpası və Şah rejiminə qarşı kəskin təbliğat və ifşagərlik və yenidən qələbəni əldə etmək üçün aparılan hazırlıq işləri, yeni döyüşçü və kadrların təlimatlandırılmaları, Milli Səs Radiosunun təsisi, Şimali Azərbaycanın rəsmi şəxsiyyətləri və yazıçı, şair və digər nümayəndələrinin mütəmadi etirazları, gündən-günə Şah rejiminin dayaqlarının zəifləməsi, nəhayət 29 Bəhmən qiyamının baş tutması ilə Şah rejiminə son qoyuldu. Firqənin Azərbaycanda dəftər-dəstəkləri yenidən açıldı. Amma çox çəkmədi ki, islami rejim verdiyi vədələrə xilaf çıxdı. Yenidən Azərbaycanda həbslər, təzyiqlər, boğuntu, o cümlədən Milli Hökümətin tərəfdarlarının inqilabdan sonra qurduqları qurumlar dağıdıldı. Yenidən Firqə yeraltı və mühacirət həyatını davam etdi. Mədəni fəaliyyətlər, ədəbi və musiqi cəmiyyətlər genişləndirildi. İslamdan məyyus olan xalqımızın rəğbəti azərbaycançılığa çoxaldı. Milli fəaliyyətə rəğbət get-gedə kütləviləşdi. Geniş tədbirlərə zəmin yarandı. Azərbaycan Respublikasının istiqlalını əldə etməsi də azərbaycançılığa təkan verdi. Babək qalası yığıncaqları və müxtəlif törənlər baş tutdu. 22 May Təbriz və digər Azərbaycan şəhərlərinin qiyamları ilə həm Şah rejiminin və həm də Xumeyni rejiminin əritmə siyasəti puça çıxdı.

21 Azər hərəkatının ideallarının qarşısını almaq üçün ən əvamfiriblikdən tutmuş, ən qəddar cəbr vasitələrini işlətmişlər və çalışmışlar ki bu hərəkatı ləkələsinlər, şayiələr, böhtanlar və yalanlar yaysınlar və onun müsbət təsirini aradan qaldırsınlar. Halbuki, 21 Azər hərəkatı, mütərəqqi, xəlqi və inqilabi mahiyyətinə görə daima yaşayacaq. Ancaq üzüqaralıq saxtalaşdıranlara qalacaq. Fakt bundan ibarətdir ki, 21 Azər hərəkatı məğlub olsa da, onun ideallarını bərpa etmək üçün mübarizə, 62 ildir ki davam edir.

Nə qədər xalqımız öz rolunu, taleyini əlinə almasında ciddi və geniş və rövşən amalla iştirak edirsə, Milli Hökümətin amaclarına və bizə o qədər yaxınlaşar. Burada əsas rolu oynayan Güney Azərbaycan xalqının iradəsidir və bu iradə Milli Hökümətin amacları uğrunda təmərküzləşdirən qüvvələrin birliyindən asılıdır. Bu məqsədə qulluq edən indiki mübarizənin genişlənməsinə, Milli İstiqlal yolunda mübarizə edən başqa xalqların təcrübələrindən istifadə etmək və dünya ictimaiyyatının himayəsini qazanmaq yardım edər




http://turk-urmu.blogfa.com/post-38.aspx





.: Weblog Themes By Pichak :.


تمامی حقوق این وبلاگ محفوظ است | طراحی : پیچک
قالب وبلاگقالب وبلاگ